Üç ay davam edən oynaq ağrısı

Xəstəlik tarixçəsi.

76 yaşlı qadın sol diz oynağında 3 ay davam edən və hərəkət etdikdə pisləşən orta dərəcəli ağrıdan şikayətlənir. Xəstə istirahət zamanı və gecələr ağrının olmadığını qeyd edir. Oynaqların hərəkətliyi zamanı şaqqıltı və sanki qıfıl bağlanması səsi eşidilmir. Xəstə bir müddət naproksen və ibuprofendən istifadə edib, lakin bu preparatlar onda dispepsiyaya səbəb olub. Asetaminofen (parasetamol) isə çox az dərəcə kömək edir. Xəstənin anamnezində hipertoniya, hiperxolesterolemiya və xroniki stabil stenokardiyanın olduğu qeyd edlir. Xəstənin qəbul etdiyi preparatlara lizinopril, metoprolol, simvastatin, aşağı dozalı aspirin və nitroqliserin daxildir. 

Fiziki müayinədə həyat göstəriciləri normaldır və BKİ isə 32 kq/kv.m-dir. Sol diz oynağının passiv hərəkətliyində krepitasiya müəyyən edilir. Oynağın müayinəsində kiçik effuziyanın və oynağın medial sərhədi üzrə ağrı hissiyatının olduğu müəyyən edilir. Oynaq üzərində istilik və ya qızartı qeyd edilmir. Menisklərin və bağların fiziki müayinəsində patologiya aşkar edilmir. 

Laborator müayinələrin nəticələri, o cümlədən, QÜA və EÇS normaldır. Sol dizin radioloji görüntüləməsində medial tibiofemoral kompartment zonasında oynaq daxili boşluğun daralması və skleroz müəyyən edilir, habelə kiçik medial osteofitlər qeyd edilir. 

Bu xəstənin müayinə və müalicəsində növbəti addım hansı olmalıdır? 

A. Celecoxib əlavə etmək

B. Qlyukozamin sulfat əlavə etmək

C. Diz oynağının MRT görüntüləməsini əldə etmək

D. Çəkinin azaldılması və fiziki hərəkət/idman

 



 

İZAHLI CAVAB. 

Cavab D. Çəkinin azaldılması və fiziki hərəkət/idman

Dizin osteoartriti olan bu xəstədə çəki itkisi və fiziki hərəkətliliyin (idman) artırılmasına göstəriş vardır. Onun diz ağrısı ağırlıq qaldırdıqda artır və bu da tibiofemoral diz osteoartritinin olmasından xəbər verir. Radioloji müayinədə isə medial tibiofemoral kompartmentdə oynaqdaxili boşluğun daralmasının müəyyən edilməsi və medial oynaq sərhədi boyu palpasiyada ağrılığın olması da bu diaqnozu təsdiq etmiş olur. Osteoartritin inkişafına səbəb olan risk faktorlara yaş, artıq çəki, qadın cinsi, oynaq zədələnməsi (təkrar istifadə, travma və ya peşə ilə bağlı) və genetik faktorlar daxildir. Artıq çəki (köklük) diz oynağı osteoartritinin inkişafında ən mühüm modifikasiya oluna bilən risk faktordur. Bir sıra araşdırmalar göstərmişdir ki, çəki itkisi və/və ya idman proqramı osteoartriti olan xəstələrdə ağrının yaxşılaşmasına yardım edir və QSİƏP-larla müqayisədə daha effektivdir. Uzun müddətli tədqiqatlar isə göstərib ki, 6.8 kq çəki itkisi simptomların xeyli yaxşılaşmasına səbəb olur. 

Celecoxib miokard infarktı riskini artırır və ürəyin işemik xəstəliyi (tax damarların xəstəliyi) olan xəstələrdə istifadə üçün tövsiyə edilmir. Digər QSİƏP-larla müqayisədə celecoxibin istifadəsində mədəbağırsaq xoralarının inkişafı riski daha az olsa da, celecoxib də dispepsiya yarada bilir. 

Osteoartriti olan xəstələrin qlyukozamin sulfatla müalicəsinin effektinə dair bir sıra tədqiqatlar aparılmış və ziddiyyətli nəticələr vermişdir. ABŞ-ın Milli Sağlamlıq İnstitutu tərəfindən aparılan tədqiqatdan məlum olub ki, ağrının azaldılmasında qlyukozamin sulfatın heç bir təsiri yoxdur. 

Diz oynağının MRT görüntüləməsi əsasən menisk və ya bağların zədələnməsi hallarında aparılır. Lakin, bu xəstənin anamnezində və fiziki müayinəsində menisk və ya bağ zədələnməsinin baş verdiyi düşünülmür. 



 

BİBLİOQRAFİYA.

1. Weight loss as treatment for knee osteoarthritis symptoms in obese patients: 1-year results from a randomised controlled trial. Ann Rheum Dis. 2011 Oct; 70(10):1798-803. doi: 10.1136/ard.2010.142018. Epub 2011 Aug 5. 

2. Weight Loss May Prevent, Treat Osteoarthritis in Obese Patients, Mar. 8, 2013. The Journal of the American Academy of Orthopaedic Surgeons.