Pankreasın neyroendokrik şişləri mədəaltı vəzin bədxassəli şişlərinin 5%-dan azını təşkil edir.
İNSULİNOMALAR.
İnsulin ifraz edən adacıq hüceyrələrdən yaranan insulinomalar pankreasın ən çox yayılmış funksional törəmələridir. İnsulinomalar ümumiyyətlə pankreasın ən çox rast gəlinən neyroendokrin törəməsidir. Onların böyük əksəriyyəti xoşxassəlidir (90%) və pankreasın müxtəlif hissələrində yarana bilər. Vipple triadası (üçlüyü) insulinomanın mövcudluğuna bir işarədir və aşağıdakıları nəzərdə tutur:
- fiziki hərəkət və ya aclıqla əlaqədar neyroəzələ əlamətləri,
- hipoqlikemiya ilə əlaqədar simptomların baş verməsi və
- qlyukozanın verilməsi nəticəsində simptomların aradan qalxması.
İnsulinoma diaqnozunun qoyulması üçün xəstədə insulinin səviyyəsinin yüksək olması ilə yanaşı hipoqlikemiya da müşahidə edilməlidir. Süni şəkildə insulin inyeksiyaları da "insulinomaya" bənzər klinika verə bilər. Lakin, insulinoması olan xəstələrdə qanda həm insulinin səviyyəsi yüksək olur, həm də C-peptidinin səviyyəsi yüksək olur.
QLYUKAQONOMA.
Qlyukaqon pankreasın adacıqlarının alfa-hüceyrələri tərəfindən ifraz edilir. Qlyukaqonomalar adətən aşağıdakı kliniki xüsusiyyətlərlə müşahidə edilir:
- diabet
- nekrolitik miqrasiya edən eritema
- hiperkoaqulyasiya vəziyyəti və bəzən
- stomatit və qlossit.
Qlyukaqonomalarda dəridə müşahidə edilən dəyişikliklər adətən pis qidalanma vəziyyəti ilə bağlıdır. Dəridə nekrolitik miqrasiya edən eritema qlyukaqonoma üçün səciyyəvidir və bir çox hallarda xəstəliyin digər simptomlarından əvvəl müşahidə edilir. Qlyukaqonomanın diaqnozu qanda qlyukaqonun səviyyəsinin artması ilə təsdiq edilir. Qlyukaqonomaların 50-100%-i bədxassəlidir.
VİPomalar.
VİPoma diaqnozu üçün qanda vazoaktiv intestinal peptidin (VİP peptid) səviyyəsinin yüksək olması və sekretor ishalın (gündə 3 Litrdən çox) müşahidə edilməsi tələb olunur. VİPomalar adətən sulu ishal, axlorhidriya və hipokalemiyaya səbəb olur. Əksər hallarda VİPomalar mədəaltı vəzində, bəzən isə duodenumda müəyyən edilir.
QASTRİNOMALAR.
Qastrinomalar pankreasın sayca ikinci ən çox yayılmış neyroendokrin törəməsidir. Qastrinomaların 60% diaqnostika zamanı artıq metastazlaşmış olur. Qastrinomaya şübhə olduqda ilk laborator test kimi ac qarına qanda qastrinin səviyyəsi təyin edilir. Əgər ac qarına qastrinin səviyyəsi yüksəkdirsə, bu zaman qastrinoma diaqnozunun təsdiqlənməsi üçün sekretinlə stimulyasiya testi aparılır. Sekretinin infuziyasından sonra qastrinoması olan xəstələrdə qastrinin qanda səviyyəsi təxminən 200 pq/ml-dən çox artmış olur. Sekretin stimulyasiya testi yalançı-müsbət nəticələr vermir, lakin bəzən yalançı-neqativ nəticələr verə blər. Qastrinomaların əksəriyyəti (90%) qastrinoma üçbucağında yerləşir. Bu üçbucaq pankreasın cismi və boğazının birləşdiyi nöqtə, duodenumun ikinci və üçüncü hissələrinin birləşdiyi nöqtə və öd kisəsi axarının ümumi öd axarına birləşdiyi nöqtədən çəkilən xəttlərlə sərhədlənir.