GİRİŞ.
Hepatit C virusuna yoluxmanın guman edilən tarixindən 6 ay müddətində infeksiyanın kliniki əlamət və simptomlarının müaşhidəsikəskin hepatit C infeksiyasına dəlalət edir. Bir çox ölkələrdə kəskin qaraciyər xəstəliyinin 10-15%-i kəskin hepatit C infeksiyası səbəbindən baş verir. Lakin, əksər kəskin HCV halları müəyyən olunmamış qalır. Buna səbəb isə kəskin HCV infeksiyası olan xəstələrin böyük bir hissəsinin asimptomatik olmasıdır. Kəskin HCV infeksiyası diaqnozu (simptomların inkişafı və ya yüsək risk qrupuna aid xəstələrin yoxlanması nəticəsində) qoyulan xəstələrdə virusun spontan təmizlənməsi baş vermədikdə, erkən müalicəsi tövsiyə olunur. Müalicənin erkən başlanması davamlı virusoloji reaksiyanın əldə edilməsinə imkan verir. Davamlı virusoloji reaksiya dedikdə müalicə nəticəsində xəstənin qanında HCV virusunun 6 ay ərzində təyin olunmaması başa düşülür. Virusun qanda təyin olunmaması onun xəstənin orqanizmindən tam yox olması anlamına gəlmir. Bəzi hallarda davamlı virusoloji reaksiyanın əldə olunmasından bir müddət sonra (xüsusilə də, antivirus preparatlarının qəbulunun dayandırılmasında) virusun reaktivasiyası baş verə bilər.
KLİNİKASI.
Kəskin hepatit adətən HCV virusuna yoluxmadan 2-26 həftə sonra inkişaf edir. Simptomatik xəstələrdə kəskin xəstəliklə əlaqədar simptomlar adətən 2-12 həftə davam etmiş olur. Simptomlara sarılıq, ürək bulanması, tünd sidik və qarının sağ yuxarı kvadratında ağrı aid edilir. Lakin, yuxarıda qeyd olunduğu kimi, kəskin HCV infeksiyası olan xəstələrin bir çoxu asimptomatik olur. Kəskin HCV olan xəstələrdə transaminazaların səviyyəsinin qalxması müşahidə edilə bilər. Lakin, asimptomatik xəstələrdə transaminazaların səviyyəsinin artması müəyyən olunmamış qala bilər. Kəskin HCV infeksiyası səbəbindən fulminant qaraciyər çatışmazlığı çox nadir hallarda baş verir. Düzdür, HCV ilə yanaşı xroniki HBV xəstəliyindən əziyyət çəkən xəstələrdə fulminant qaraciyər çatışmazlığı halları daha çox müşahidə edilir.
Simptomlar.
Kəskin HCV olan xəstələrin əksər hissəinin asimptomatik olmasına baxmayaraq, bəzi xəstələrdə kəskin hepatinin simptomları inkişaf etmiş olur. Simptomatik kəskin HCV infeksiyası olan xəstələrdə ən geniş yayılmış simptom sarılıqdır. Xəstələrdə həmçinin tünd sidik, ağarmış nəcis, ürək bulanması və sağ yuxarı qarın nayihəsində ağrı müşahidə edilir. Bəzi xəstələrdə həm də halsızlıq, subfebril hərarət, titrəmə, anoreksiya, pruritus (qaşınma), əzələ ağrıları, əhval-ruhiyyənin pozulması, oynaq ağrıları, dispepsiya və keyləşmə müşahidə edilə bilər.
Laborator testlər.
Kəskin HCV infeksiyası olan xəstələrdə aminotransferazaların səviyyəsi adətən normadan 10-20 dəfə çox olur. Araşdırmalardan məlum olmuşdur ki, aminotransferazaların səviyyəsi hətta >5.000 vahid/L-dək qalxmış olur. Simptomatik olan xəstələrdə aminotransferazaların səviyyəsi kliniki simptomların inkişafından öncə qalxmış olur. Kəskin HCV olan xəstələrdə ümumi bilirubinin səviyəsi də qalxmış ola bilər.
DİAQNOSTİKA.
Kəskin hepatitin kliniki əlamətləri olan və ya HCV-yə yoluxma ehtimalı (məs., həkimlərin iynə ilə inyeksiya zamanı və ya əməliyyat zamanı yoluxması) mümkün hesab edilən xəstələrdə kəskin hepatit C infeksiyası nəzərdən keçirilməlidir. Bu xəstələrin qanında HCV RNT (hepatit C ribonukleik turşusu) və anticismlərin olub olmadığını təyin etmək üçün laborator analizlər aparılmalıdır. HCV virusuna yoluxmadan sonra ilk öncə qanda HCV RNT-nin PZR ilə təyin edilməsi mümkün olur. Təxminən 12 həftə sonra isə HCV-ə qarşı anticismlər təyin edilir. Bu iki testin pozitiv olması kəskin HCV infeksiyasını təsdiq etmiş olur. Lakin, kəskin HCV diaqnozunun təsdiqlənməsi üçün bu testlərin pozitiv olması ilə yanaşı xəstənin əvvəllər yoxlanmasında HCV RNT PZR və HCV anticismlərin neqativ olmasına dair məlumatın olması tələb olunur. Belə ki, əgər xəstədə əvvəllər HCV RNT PZR və HCV anticismlərin olduğu yoxlanmamışdırsa, yuxarıdakı testlərin pozitiv olması kəskin HCV infeksiyası ilə yeni aşkar edilmiş xroniki HCV infeksiyası arasında differensiasiya aparmaq çətin olur. Hər iki halda xəstələrdə HCV RNT, HCV anticismlər və aminotransferazaların artması müşahidə edilir.
Kəskin hepatit əlamətləri (məs., sarılıq, transaminazaların səviyyəsinin artması) ilə müayinə olunan xəstələrdə aşağıdakı testlərin aparılması nəzərdən keçirilir:
- dərhal HCV RNT-nin PZR ilə təyin edilməsi
- dərhal ELİSA (enzimin birləşmə immunsorbent reaksiyası) testi ilə anti-HCV-anticismlərin təyin edilməsi
- təkrar olaraq 12 həftə sonra ELİSA (enzimin birləşmə immunsorbent reaksiyası) testi ilə anti-HCV-anticismlərin təyin edilməsi.
- dərhal və təkrar olaraq 4 həftədən sonra, 12 həftədən sonra və 6 aydan sonra PZR ilə HCV RNT-nin təyini
- dərhal ELİSA ilə anti-HCV anticimslərinin təyini
- 12 həftə sonra təkrar olaraq ELİSA ilə anti-HCV anticimslərinin təyini
- dərhal qanda aminotransferazaların (ALT və AST) səviyyəsinin təyini
- təkrar olaraq 4 həftə və 12 həftə sonra qanda aminotransferazaların (ALT və AST) səviyyəsinin təyini
- xəstədə artıq mövcud olan lakin diaqnostika olunmamış xroniki HCV infeksiyasının istisna edilməsi və ya
- sonradan serokonversiyanın baş verməsini təsdiq etmək üçün.
- Parasetamol (asetaminofen) toksikliyi
- Dərman səbəbindən qaraciyər zədələnməsi və ya idiosinkraziya reaksiyası
- Alkoqollu hepatit
- Qeyri-alkoqollu steatohepatit
- Hepatit A virusu ilə infeksiya
- Kəskin və ya xroniki Hepatit B infeksiyası
- Xroniki HCV infeksiyası
- Kəskin və ya xroniki hepatit D infeksiyası (hepatit B infeksiyası ilə yanaşı və ya ona əlavə)
- Hepatit E virusu ilə infeksiya
- Herpes simpleks virusu səbəbindən hepatit
- Ebşteyn-Barr virusu səbəbindən hepatit
- Sitomeqalovirus infeksiyası səbəbindən hepatit
- İşemik hepatit
- Bad-Çiari sindromu
- HELLP sindromu (hemoliz, qaraciyər enzimlərinin artması, trombositlərin sayının aşağı olması)
- Hamiləliyin kəskin piyli qaraciyəri
- Vilson xəstəliyi
- Autoimmun hepatit
- İrsi hemoxromatoz
- Alfa-1 antitripsin çatışmazlığı
- Toksin səbəbindən hepatit (məs., göbələk zəhərlənməsi, karbon tetraxlorid)
Aminotransferazaların səviyyəsinin artması həm də aşağıdakı xəstələrdə müşahidə edilə bilər:
- Əzələ xəstəlikləri
- Tiroid xəstəlikləri
- Seliakiya və ya qlyuten enteropatiyası
- Adrenal vəzin çatışmazlığı
- Anoreksiya nervoza
- Kim müalicə olunmalıdır?
- Antivirus terapiyasını davamlı olaraq qəbul edə biləcək və müalicənin aparılmasına əksgöstəriş olan müəyyən yanaşı xəstəlikləri olmayan kəskin HCV infeksiyası olan xəstələrin müalicəsi aparıla bilər.
- Müalicə nə zaman başlanmalıdır?
- Müalicənin başlanması kəskin HCV infeksiyaya yoluxma baş verən andan (və ya yoluxmanın baş verdiyi tarix bilinmədikdə, bu zaman HCV diaqnozu qoyulan tarix götürülür) 12 həftəyədək gecikdirilməlidir. Buna səbəb isə həmin dövrdə virusun spontan aradan qalxması və ya qandan təmizlənməsinə imkan verməkdir. Lakin, qan transfuziyası vasitəsilə HCV virusuna yoluxmuş xəstələrin (transfuziya ilə daha çox miqdarda virusun transmissiyası baş verdiyindən), habelə asimptomatik kəskin HCV infeksiyası olan xəstələrin (bu xəstələrdə xroniki infeksiyanın inkişafı ehtimalı xeyli yüksək olur) müalicəsi diaqnoz qoyulan kimi başlanmalıdır.
- Hansı preparatlarla müalicə aparılmalıdır?
- Xəstələrin müalicəsi həftəlik qəbul edilən peq-interferon alfa (ya həftədə 180 mkq peqinterferon alfa-2a, ya da həftədə 1.5 mkq/kq peqinterferon alfa-2b) ilə aparılmalıdır. Standart intereferonla müalicə (ilk 4 həftə ərzində gündə 5 milyon vahid, sonra isə yerdə qalan müalicə müddətində həftədə 3 dəfə olmaqla 5 milyon vahid) alternativ kimi tətbiq oluna bilər.
- HİV virusu ilə yanaşı yoluxmayan xəstələrdə peqinterferonla monoterapiya aparılır. Bu qrup xəstələrdə ribavirinin əlavə edilməsinə ehtiyac yoxdur, çünki HİV ilə yanaşı infeksiyası olmayan xəstələrdə ribavirinin faydası yoxdur. Lakin, ribavirinin xronik hepatit C infeksiyasında effektivliyini nəzərə alaraq, kəskin və ya xroniki infeksiya arasında differensiasiyanın aparılması çətin olan hallarda, habelə peqinterferon və ya standart interferonla müalicə kursunun sonunda HCV RNT-pozitiv olan xəstələrin müalicəsində bir çox mütəxəssislər ribavirini də əlavə edir.
- HİV ilə yanaşı infeksiyası olan xəstələrdə peqinterferonla yanaşı xəstənin çəkisindən asılı olaraq və əksgöstəriş olmadıqda ribavirin (<75 kq-dan az çəkisi olan xəstələrdə gündəlik dozası 1.000 mq olmaqla iki hissəyə bölünmüş dozalarla qəbul edilir; >75 kq-dan yuxarı çəkisi olanlarda isə gündəlik dozası 1.200 mq olmaqla iki hissəyə bölünmüş dozalarla qəbul edilir) də əlavə edilməlidir. Böyrək çatışmazlığı və ya böyrək funksiyasının pozulması ribarinin istifadəsinə əksgöstəriş hesab edilir.
- Müalicənin müddəti nə qədər olmalıdır?
- 2,3 və ya 4 genotipi olan HCV infeksiyasının müalicəsi 12 həftə davam etdirilir. HCV genotip 1 olan xəstələrin müalicəsi isə 24 həftə aparılır (bəzi hallarda müalicəni 4-cü həftəsində HCV RNT neqativ olan xəstələrdə müalicənin müddəti 12 həftə də ola bilər).
- peqinterferon alfa-2a: 180 mkq həftədə 1 dəfə və ya
- peqinterferon alfa-2b: 1.5 mkq/kq həftədə 1 dəfə və ya
- standart interferon: 4 həftə ərzində günə 5 milyon vahid, sonra isə həftədə 3 dəfə olmaqla günə 5 milyon vahid.
- HİV-pozitiv olan xəstələrdə (əksgöstərişlər olmadıqda): ribavirin də əlavə edilir.
- HCV infeksiyasının kəskin və ya xroniki olduğu bilinmədikdə (əksgöstərişlər olmadıqda): ribavirin də əlavə edilir.
- Peqinterferon və ya standart interferonla müalicə kursunun sonunda HCV RNT pozitiv olan xəstələrdə (əksgöstərişlər olmadıqda): ribavirin də əlavə edilir.
- genotip 2,3 və ya 4 HCV infeksiyası hallarında: 12 həftə.
- genotip 1 HCV infeksiyası hallarında (4 həftə aparılan müalicədən sonra sürətli virusoloji reaksiya müşahidə edilmədikdə və HCV RNT neqativ olmadıqda): müalicənin 24 həftə aparılması tövsiyə edilir.