Ürəyin Revmatik Xəstəliyi: təbii gedişatı, diaqnostika, müalicə və proqnoz

GİRİŞ. 

Ürəyin revmatik xəstəliyi (ÜRX) inkişaf etməkdə olan ölkələrdə ürək-damar xəstəliklərinin əsas səbəblərindən biridir. Lakin, inkişaf etmiş ölkələrdə isə ürəyin revmatik xəstəliyi halları son 20-30 il ərzində xeyli azalmışdır.

 

EPİDEMİOLOGİYA.

İnkişaf etməkdə olan ölkələrdə ÜRX uşaq və cavan yaşlı xəstələr arasında qazanılmış ürək xəstəliyinin mühüm səbəblərindən biri kimi qalmaqdadır. Endemik ölkələrdə yaşayan xəstələr arasında inkişaf edən ürək çatışmazlığının təxminən 25%-i məhz ÜRX səbəbindən baş verir.

Ümumiyyətlə, ÜRX yoxsulluğun xəstəliyidir. Bir sıra inkişafda olan ölkələrdə aparılmış araşdırmalar göstərmişdir ki, ağır sosial-iqtisadi şəraitdə yaşayan hər 1000 uşaqdan 22.2-də ÜRX müəyyən edilir. Sosial-iqtisadi vəziyyətin xüsusi rol oynadığı bir daha onunla təsdiqlənir ki, inkişaf etmiş industrial ölkələrdə ÜRX-i hallarının sayı XX-ci əsrin ortalarından sonra demək olar ki, sıfıra enmişdir. Təxmini araşdırmalar göstərir ki, dünya əhalisinin təxminən 62-78 milyonu ÜRX-dən əziyyət çəkir və bunlardan 1.4 milyonu hər il ölümlə üzləşir.

Azərbaycanla bağlı statistikanın əldə olunması çətinlik törətdiyindən, Azərbaycanda revmatik xəstəliklərin və xüsusilə də, ürəyin revmatik xəstəliklərinin sayına dair dəqiq məlumat vermək mümkün deyil. Lakin, Azerbaijan Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsasən 0-18 yaşlı uşaqlar arasında 2008-2011-ci illərdə sümük-əzələ sistemi və birləşdirici toxumanın ilk dəfə qoyulmuş diaqnostika olunmuş xəstələliklərinin sayı təxminən 5.300-6.500 arası olmuşdur. Rusiya federasiyasında isə, məsələn, 2005-ci ildə kəskin revmatik qızdırması olan bütün xəstələrin sayı 50%-dək azalmış və 8.6 min təşkil etmişdir. Lakin, 2005-ci ildə Ürəyin Revmatik Xəstəliyi diaqnozu ilk dəfə 9.6 min nəfərə qoyulmuşdur ki, bu da əvvəlki 5 illiklə müqayisədə 7% çoxdur.

 

TƏBİİ GEDİŞATI.

ÜRX-nə aşağıdakı patologiyalar daxildir:

·         Kəskin Revmatik Qızdırma zamanı müşahidə edilən perikardit, miokardit və valvulit (ürəyin klapanlarının iltihabı, valve - klapan deməkdir).

·         Bir və daha çox kəskin revmatik qızdırma epizodlarından sonra bir neçə il sonra inkişaf edən xroniki klapan patologiyaları.

 

Kəskin Revmatik Qızdırma. Kəskin revmatik qızdırma əsasən pankarditə səbəb olur və ürəyin perikardı, epikardı, miokardı və endokardının iltihabı ilə nəticələnir. Valvulit və ya ürəyin klapanlarının iltihabı da əksər hallarda müşahidə edilir. Valvulitin diaqnostikası çox zaman auskultasiya vasitəsilə aparılır. Lakin, qeyd edilməlidir ki, bir sıra hallarda klapanlarda requrqitasiya eşidilməyə də bilər.

EXO-KQ-də isə aşağıdakı dəyişikliklər müəyyən edilir:

 

Lakin, nəzərə almaq lazımdır ki, Doppler müayinəsi zamanı mitral və/və ya aortal klapanda requrqitasiyanın müəyyən edilməsi revmatik valvulit diaqnozunu təsdiq etmir. Belə ki, normal insanlarda klapanlarda fizioloji requrqitasiya (mülayim dərəcəyədək mitral klapanda və aortal klapanda az dərəcə requrqitasiya) müşahidə edilə bilər. Eyni zamanda klapanlarda requrqitasiya hərarətlə müşaiyət olunan digər xəstəliklərdə (məs., viruslu miokardit) də müəyyən edilə bilər.

ÜRX-dən əziyyət çəkən xəstələrdə ən geniş yayılmış klapan patologiyası məhz mitral klapanda requrqitasiyadır. Mitral klapanın requrqitasiyası ilə yanaşı aortal klapanın requrqitasiyası da müşahidə edilə bilər. Lakin, təcrid olunmuş halda aortal requrqitasiya çox nadir hallarda müəyyən edilir. Mitral requrqitasiya əksər hallarda mitral klapanın prolapsı səbəbindən baş verir. Kəskin Revmatik Qızdırma zamanı mitral klapanın prolapsı əsasən klapanın ön qapağının zədələnməsi ilə əlaqədar olur. Ürəyin miksomatoz xəstəliyində isə əksinə klapanın arxa qapağı prosesə cəlb olunmuş olur.

ÜRX-də mitral klapanın qapağının prolapsına səbəb klapanın dairəvi genişlənməsi və xordaların uzanması olur. ÜRX-də aortal və ya mitral klapanların stenozu çox nadir hallarda müşahidə edilir və müəyyən edildikdə xəstəliyin uzun müddət davam etdiyinə və zədələnmiş klapanların çapıqlanması və kalsifikasiyasının baş verməsindən xəbər verir.

ÜRX-dən əziyyət çəkən və, xüsusilə də, ağır klapan xəstəliyi olan xəstələrdə sol mədəciyin dilatasiyası və ürək çatışmazlığı da müşahidə edilə bilər. ÜRX-dən ölmüş xəstələrin autopsiyasında miokarditin müəyyən edilməsinə baxmayaraq, ÜRX-də sol mədəciyin dilatasiyası və ürək çatışmazlığının səbəbi ağır dərəcəli mitral requrqitasiyadır (və bəzən bununla yanaşı baş verən aortal requrqitasiya).

ÜRX-dən əziyyət çəkən xəstələrin EKQ-də ürəyin müxtəlif dərəcəli blokadası, o cümlədən atrioventrikulyar dissosiasiya, müəyyən edilə bilər. Döş qəfəsinin rentgen filmində kardiomeqaliya müəyyən oluna bilər. ÜRX-i olan xəstələrdə aparılan EXOKQ ilə klapan patologiyasını, perikard ətrafı effuziya, mədəciklərin və qulaqcıqların genişlənməsi və mədəciklərin funksiyasını daha dəqiq qiymətləndirmək mümkündür.


Ürəyin kəskin revmatik xəstəliyindən xronik fazaya keçid.

Adətən ürəyin klapan xəstəliyinin proqressiv inkişafı kəskin revmatik qızdırmanın bir və daha çox epizodlarından bir neçə il sonra müşahidə edilir. Araşdırmalardan məlum olmuşdur ki, kəskin revmatik qızdırma keçirmiş uşaqların təxminən 50-65%-də qızdırma keçib getdikdən bir müddət sonra ürəyin klapan xəstəliyi müəyyən edilir. Amerikada aparılmış tədqiqatdan isə məlum olmuşdur ki, kəskin revmatik qızdırmanın ilk epizodundan sonra 20 il ərzində müşahidə olunan xəstələrin təxminən 17%-də ürəyin revmatik klapan xəstəliyi spontan olaraq yoxa çıxmışdır. Yerdə qalan xəstələrin 35%-də ilk epizoddan sonra klapan xəstəliyi müəyyən edilməmişdir. Lakin, 20 il sonra həmin xəstələrin 44%-də ürəyin klapan xəstəliyinin aydın simptomları özünü biruzə verməyə başlamışdır.

Ümumiyyətlə, qeyd edilməlidir ki, antibiotik erasından əvvəl kəskin revmatik qızdırma səbəbindən mortalite ildə 1.5% təşkil edirdi. Lakin, eyni dövrdə təkrar kəskin revmatik qızdırma keçirən xəstələrdə mortalite 80%-dək çatırdı.

 

Ürək klapanlarının xronik xəstəliyi.

ÜRX-nin əksər hallarda mitral klapan cəlb olunmuş olur, lakin aortal klapan isə ÜRX-nin yalnız 20-30% hallarda zədələnmiş olur. Trikuspidal klapan da ÜRX-də təsirə məruz qalsa da, çox vaxt bu subkliniki olur. Mitral klapanın patologiyası xəstənin yaşından asılı olaraq müxtəlif olur. Daha gənc yaşlı xəstələrdə (<30 yaşdan aşağı) yalnız mitral klapanda requrqitasiya müəyyən edilirsə, orta yaşlı xəstələrdə (>30 yaşdan yuxarı) mitral stenoz və daha ahıl yaşlı xəstələrdə mitral klapanın qarışıq patologiyası (həm requrqitasiya, həm mitral stenoz) üstünlük təşkil edir.

 

Mitral stenoz. Mitral stenozun təbii gedişatı müxtəlif coqrafi ərazilərdə fərqlidir. Belə ki, inkişaf etmiş ölkələrdə mitral stenoz çox yavaş inkişaf edən xəstəlikdir və ilkin infeksiyadan sonra mitral stenozla bağlı simptomlar adətən 20-40 il sonra müşahidə edilir. Lakin, inkişafda olan ölkələrdə mitral stenoz çox sürətlə inkişaf edən xəstəlikdir və əsasən 5 yaşdan aşağı olan uşaqlarda artıq simptomatik olur.

Araşdırmalar göstərir ki, asimptomatik və ya minimal dərəcədə simptomlarla müşahidə edilən mitral stenozu olan və 10 yaşa çatmış xəstələrdə ümumi proqnoz xeyli yaxşı olur. Lakin, mitral stenozu simptomatik olan xəstələrdə cərrahi müdaxiləsiz kliniki vəziyyət tədricən pisləşir və sağ qalma şansı xeyli aşağı düşmüş olur. Ağciyər hipertenziyası inkişaf etmiş xəstələrdə isə sağ qalma şansı daha da aşağı olur.

Qeyd edilməlidir ki, ürək klapanlarının bütün qazanılmış xəstəlikləri sırasında məhz mitral klapanın stenozu daha çox hallarda sistem tromboemboliyasına səbəb olur. Mitral stenozla yanaşı qulaqcıqların fibrilyasiyası olan xəstələrdə isə tromboemboliya riski daha da artmış olur.

 

Mitral requrqitasiya. Xroniki mitral requrqitasiya səbəbindən ürək yükünün artması uzun illər ərzində hiss olunmaya da bilər. Belə ki, mitral requrqitasiya ilə əlaqədar sol mədəciyin boşalmasına müqavimətin azalması sol mədəciyin yığılması ilə bağlı disfunksiyasının diaqnostikasını gecikdirmiş olur.

 

Qarışıq mitral stenoz və requrqitasiya. Mitral klapanın revmatik xəstəliyi olan pasiyentlərin çoxunda qarışıq mitral stenoz və requrqitasiya komponentləri müşahidə edilir. Buna səbəb isə patoloji proses nəticəsində mitral klapanın qapaqları arasında olan komissuraların birləşməsi və "balıq ağzı" deyilən formada deformasiyasıdır.

 

Aortal requrqitasiya. Xroniki, ağır dərəcəli aortal requrqitasiyası olan xəstələrdə adətən uzun müddət davam edən kompensator mərhələ müşahidə edilir. Belə ki, bu mərhələ diastola sonunda sol mədəciyin həcminin artması və sol mədəciyin eksentrik və konsentrik hipertrofiyası ilə xarakterizə olunur. Lakin, sol mədəciyin disfunksiyasına baxmayaraq asimptomatik olan xəstələrin 25%-də hər il simptomlar (stenokardiya, ürək çatışmazlığı) inkişaf edir. Həmçinin ağır aortal requrqitasiyası olan simptomatik xəstələr arasında mortalite il ərzində 10%-dan artıq olur.

 

Aortal stenoz. Aortal klapanın stenozu adətən uzun illər ərzində inkişaf edir və kliniki gedişatı müxtəlif olur. Aortal stenozla bağlı xəstədə simptomlar müşahidə edildikdə isə mortalite xeyli artmış olur. Stenokardiya, sinkop (bayılma) və ya ürək çatışmazlığı inkişaf etdikdə cərrahi əməliyyatsız (aortal klapanın cərrahi yolla dəyişdirilməsi) xəstələr 2-3 il sağ qala bilir.

Trikuspidal klapanın xəstəliyi. Trikuspidal klapanın funksional çatışmazlığı əsasən sağ tərəfli ürək çatışmazlığı ilə əlaqədar olur. Buna səbəb isə sağ mədəciyin genişlənməsi klapanın halqasının dartınmasına gətirib çıxarır. Trikuspidal klapanın orqanik çatışmazlığı isə klapan qapaqlarının qısalması və qalınlaşması və bu səbəbdən də mədəciyin sistolasında tam qapanmaması nəticəsində baş verir.

Normada trikuspidal klapanın sahəsi >7 kv.sm-dir və bu sahənin <1.5 kv.sm-dək azalması hemodinamik cəhətdən əhəmiyyətli dərəcə stenozdan xəbər verir. Trikuspidal klapanın revmatik xəstəlik səbəbindən stenozu əksər hallarda mitral klapan xəstəliyi ilə yanaşı müşahidə edilir. Requrqitasiyasız trikuspidal stenoz nadir hallarda müşahidə edilir.

 

DİSPANSERİZASİYA VƏ ENDEMİK ÖLKƏLƏRDƏ ƏHALİNİN SKRİNİNQİ. 

Konsepsiya. Endemik ölkələrdə məktəb yaşlı uşaqların ÜRX baxımından skrininqi və ya dispanserizasiyası məqsədə müvafiq hesab edilə bilər. Skrininqin əhəmiyyəti ondan ibarətdir ki, xəstəlik uzun müddət gizli və ya latent qalır. Buna görə də mütamadi olaraq məktəb uşaqlarının yoxlanması ÜRX-nin erkən mərhələdə müəyyən edilməsi və müalicəsinə başlanmasına imkan verir. Ürəyin revmatik xəstəliyinin asimptomatik hallarının bir çoxunda EXOKQ-da pozuntular müəyyən edilir. Buna görə də, daşınan EXOKQ ilə ÜRX-i riski yüksək olan xəstələrin müayinəsi faydalıdır və EXOKQ yüksək həssaslığa malikdir. ÜRX-nin ikincili profilaktikası təkrar revmatik qızdırma epizodlarının sayını azaldır və hospitalizasiya müddətini qısaltmış olur.

Lakin, ürək klapanlarının zədələnməsi və ürək çatışmazlığı inkişaf etmiş xəstələrdə xəstəliyin təbii gedişatının müalicə ilə dəyişməsinə dair sübutlar azdır. Skrininqin əsas mahiyyəti və məqsədi erkən subkliniki xəstəliyi olanların vaxtında müəyyən edilməsi və ikincili profilaktikanın başlanmasıdır. Həmçinin ağır subkliniki klapan xəstəliyi olanların vaxtında müəyyən edilməsi ilə onların mütamadi monitorinqinə imkan yaradıla bilər.

 

Skrininqin növləri. ÜRX olan xəstələr arasında skrininq əsasən kəskin revmatik qızdırmaya dair anamnezin toplanması, ürəyin auskultasiyası və EXOKQ-ın aparılmasından ibarətdir. Anamnezində revmatik qızdırması olan və müayinədə ürəyin klapan patologiyası müəyyən edilən xəstələrin ikincili profilaktika tədbirlərinə cəlb edilməsi xüsusi əhəmiyyət kəsb edir.

Hazırda skrininqlə bağlı tövsiyələr aşağıdakılardan ibarətdir:

Ø  EXO-KQ-da ən azı iki klapan qapağının hərəkət məhdudiyyəti, klapanaltı qalınlaşma və klapan qapaqlarının qalınlaşması müəyyən edilməsi subkliniki ÜRX-nin müəyyən edilməsinə yardım etmiş olur.

 

MÜALİCƏ TƏDBİRLƏRİ.

 

Xəstəliyin inkişafının ləngidilməsi və ya minimizasiyası.

Məlumdur ki, penisillinlə ikincili profilaktika streptokokk infeksiyası hallarını, kəskin revmatik qızdırmanın təkrar epizodlarının sayını və kəskin revmatik qızdırması və ÜRX olan xəstələrin hospitalizasiyası müddəti və tezliyini azaltmış olur. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə ÜRX və/və ya mülayim dərəcəli karditi (məs., mülayim dərəcəli mitral requrqitasiya və ya sağalmış kardit) olan xəstələrdə ikincili profilaktikası son epizoddan sonra ən azı 10 il müddətində və ya xəstənin 25 yaşına çatmasınadək aparılmalıdır.

Daha ağır dərəcəli klapan zədələnməsi (məs., ürək çatışmazlığına səbəb olan) olan xəstələrd, habelə klapan üzərində cərrahi əməliyyat keçirmiş xəstələrdə isə ikincili profilaktika ömür boyu davam etdirilməlidir.

 

Ürəyin klapan xəstəliyi.

Mitral requrqitasiyanın müalicəsi. Mülayim dərəcəli revmatik mitral requrqitasiyası (MR) olan xəstələr çox vaxt uzun müddət asimptomatik qalır və buna görə də onların hər il müayinədən keçməsi tələb olunur. Orta dərəcəli MR-ı olan xəstələr isə hər 6-12 aydan bir təkrar müayinə olunmalıdır. Bu xəstələrin müayinəsi mütləq fiziki müayinədən, ürəyin auskultasiyasından və sol mədəciyin sistolik funksiyasının qiymətləndirilməsi üçün EXO-KQ-dan ibarət olmalıdır. Sol mədəciyin sistolik disfunksiyasının simptom və/və ya əlamətləri müəyyən edilən (ürəyin atım fraksiyası EF<60% və/və ya sol mədəciyin sistolası sonunda ölçüsü >4.0 və ya 4.5 sm) xəstələrin cərrahi əməliyyata götürülməsi məqsədə müvafiq hesab edilir.

Revmatik xəstəlik mitrak klapan qapaqlarının fibrozlu qalınlaşması və xorda strukturlarının çapıqlaşmasına səbəb olur. Bu isə öz növbəsində mitral klapanın bərpasının müsbət nəticəsinin daha qısa müddətli olmasına təsir edir. Revmatik xəstəlik səbəbindən mitral klapanın fibrozlaşması onun bərpasının uzun müddətliyinə mənfi təsir göstərmiş olur. Lakin, buna baxmayaraq revmatik mitral requrqitasiyası olan xəstələrdə cərrahi müdaxilə xeyli faydalı hesab edilir. Fransada aparılan tədqiqatdan məlum olmuşdur ki, revmatik mitral requrqitasiya səbəbindən mitral klapanın cərrahi bərpasından sonra xəstələr arasında 10 il ərzində sağ qalma ehtimalı 89%, 20 il ərzində isə 82% olmuşdur. Həmçinin, 10 ildən sonra təkrar əməliyyat yalnız 18% xəstədə, 20 ildən sonra isə 45% xəstədə tələb olunmuşdur. Təkrar əməliyyatın keçirilməsinə səbəb isə mitral klapanın proqressiv fibrozudur.

Tədqiqatlar həm də göstərmişdir ki, mitral klapanın bərpası ilə onun əvəzlənməsi arasında qısa və uzun müddətli kliniki nəticələr baxımından fərq çox da əhəmiyyətli olmamışdır. Mitral klapanın bərpası mümkün olmayan xəstələrdə mitral klapanın mexaniki klapanla və ya bioprotezli klapanla əvəzlənməsi aparıla bilər. Lakin, nəzərə alınmalıdır ki, mitral klapanın mexaniki və ya bioprotezli klapanla əvəzlənməsi ilə müqayisədə klapanın valvuloplastikası olunan xəstələr arasında sağ qalma faizi daha yüksəkdir.

Koreyada 1997-2007-ci illər arası dövrdə ürəyin revmatik klapan xəstəliyi səbəbindən mitral klapanda əməliyyat keçirmiş xəstələrdə kliniki nəticələrin təhlili aşağıdakıları müəyyən etmişdir:

Klapanın bərpası cərrahiyyəsi keçirmiş xəstələrlə klapanın əvəzlənməsi cərrahiyyəsi almış xəstələr arasında 10 illik sağ qalma faizi eyni olmuşdur.

Həmçinin, klapanın bərpasını keçirmiş xəstələrlə klapanın əvəzlənməsi cərrahiyyəsi almış xəstələr arasında 10 il ərzində təkrar əməliyyat tələb etmiş xəstələrin faizi eyni olmuşdur.

Lakin, tədqiqatdan məlum olmuşdur ki, klapanın bərpası əsasən gənc yaşlı və mitral stenozu, qulaqcıqların fibrilyasiyası, əhəmiyyətli dərəcədə trikuspidal requrqitasiyası və ya ağciyər hipertenziyası olmayan xəstələr arasında aparılmışdır.

Bir sıra tədqiqatlardan həm də məlum olmuşdur ki, klapanın bərpası və klapanın əvəzlənməsi cərrahiyyəsini keçirmiş xəstələr arasında aparılması tələb olunan təkrar əməliyyatların faizi eyni olsa da, əvvəllər klapanın bərpasını keçirmiş xəstələr arasında təkrar əməliyyatdan sonra mortalite daha az olur. Həmçinin, mitral klapanın bərpasına üstünlüyün verilməsinə dair digər arqument isə həmin xəstələrdə xroniki antikoaqulyasiyanın aparılmasına ehtiyacın olmamasıdır.

 

Mitral stenozun müalicəsi. Amerika və Avropa ürək cəmiyyətlərinin tövsiyələrinə əsasən mülayim dərəcəli mitral stenozu (MS) olan xəstələrdə hər 3-5 ildən bir, orta dərəcəli mitral stenozu olan xəstələrdə hər 1-2 ildən bir və ağır dərəcəli asimptomatik mitral stenozu olan xəstələrdə isə hər il ağciyər arteriyasında təzyiqin ölçülməsi məqsədilə EXOKQ-nın aparılması tələb olunur. Simptomları olan xəstələrdə isə EXOKQ ilə monitorinq daha tez-tez aparılmalıdır.

Mitral stenoz mexaniki patologiya olduğundan, orta və ya ağır dərəcəli MS olan xəstələrdə simptomlar yaranan kimi onların valvuloplastika və ya cərrahi müdaxilə üçün ürək-damar cərrahı tərəfindən müayinəsi tələb olunur. Orta və ya ağır dərəcəli MS ilə yanaşı ağciyər ödemi olan xəstələr tibbi cəhətdən stabilləşdirilməli və təcili cərrahi müdaxilə və ya valvuloplastika üçün yönləndirilməlidir.

Tədqiqatlar göstərir ki, ağciyər arteriyasının hipertenziyası cərrahi əməliyyat riskini xeyli artırmış olur. Buna görə də, MS ilə yanaşı ağciyər hipertenizyası (ağciyər arteriyasının təzyiqi >50 mm c.s.) olan lakin asimptomatik xəstələrdə cərrahi müdaxilənin nəzərdən keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

MS ilə yanaşı ağciyər hipertoniyası olan xəstələrdə kliniki vəziyyət aşağıdakı səbəblərdən ağırlaşa bilər:

 

Buna görə də, simptomatik olan xəstələrdə yuxarıdakı faktorların mövcudluğu təyin edilməli və aradan qaldırılmalıdır.

Korreksiya olunmamış ağır dərəcəli mitral stenozunun son mərhələləri ağciyər hipertenziyası və sağ tərəfli ürək çatışmazlığı, ödem və assit ilə ağırlaşmış ola bilər. Bu xəstələrdə həm də yanaşı trikuspidal requrqitasiya da müəyyən edilir və əsasən sağ mədəciyin dilyatasiyası səbəbindən inkişaf edir.

 

Qulaqcıqların fibrilyasiyası. Mitral stenozu olan xəstələrdə qulaqcıqların səyrici aritmiyası (fibrilyasiyası) riski xeyli yüksək olur. İlkin olaraq paroksizmal və epizodik olmasına baxmayaraq, tədricən Atrial fibrilyasiya davamlı olur. Qulaqcıqların fibrilyasiyası inkişaf etdikdə qulaqcıqların yığılması nəticəsində mədəciklərin dolması prosesi kəskin pozulmuş olur. Tədqiqatlar göstərmişdir ki, qulaqcıqların fibrilyasiyası olan xəstələrdə ürəyin hasilatı təxminən 30% aşağı düşmüş olur. Həmçinin atrial fibrilyasiyası olan xəstələrdə mədəciklərin daha sürətlə yığılması və nəticədə diastola zamanı mədəciklərin dolma müddəti qısalmış olur. Bu cür dəyişikliklər sol qulaqcıq daxili təzyiqin artmasına səbəb ola bilər və buna görə də, təcili müalicə tələb edir. Bununla yanaşı həmin xəstələrdə tromboemboliya riski xeyli artmış olur.

 

Tromboemboliyanın profllaktikası. Mitral stenozu olan xəstələrdə tromboemboliya və embolik halların baş verməsi risk daha yüksək olur. Xüsusilə də, paroksizma və ya davamlı atrial fibrilyasiyası, sol qulaqcıq daxili trombu olan və ya əvvəllər emboliyası olmuş xəstələrdə bu risk daha da artmış olur.

 

Qarışıq mitral klapan xəstəliyinin müalicəsi. Yanaşı mitral stenozu və mitral requrqitasiyası olan xəstələrdə xəstəliyin təbii gedişatı və proqnoz təcrid olunmuş requrqitasiya ilə müqayisədə daha pisdir. Qarışıq mitral klapan xəstəliyi olan və müalicə almayan xəstələrin yalnız 2\3 hissəsi 5 il ərzində, və yalnız 1\3 hissəsi 10 il ərzində sağ qalmış olur. Simptomatik olan, habelə orta dərəcəli mitral requrqitasiyası və orta dərəcəli mitral stenozu olan xəstələrdə klapanın protez klapanla əvəzlənməsi tələb olunur.

Aortal requrqitasiya. Aortal requrqitasiyası olan xəstələrdə simptomların inkişafı və/və ya sistolik disfunksiya tədricən və ləng baş verir. Buna görə də, aortal requrqitasiyası olan xəstələrin dövrü monitorinqinin aparılması tövsiyə edilir. Mülayim və orta dərəcəli aortal requrqitasiyası olan xəstələrin sağ qalma faizi xeyli yüksəkdir və cərrahi müdaxilə tələb olunmur. Ağır dərəcəli AR-ı olan simptomatik xəstələrdə, habelə sol mədəciyin funksiyası pisləşən (məs.. LVEF sol mədəciyin atım fraksiyası <50%) xəstələrdə və/və ya sol mədəciyin ölçüsü artan (məs., LVEDD sol mədəciyin diastola sonundakı ölçüsü >75 mm və/və ya LVESD sol mədəciyin sistola sonundakı ölçüsü >55 mm) xəstələrdə cərrahi müdaxilənin aparılmasına göstəriş yaranmış olur.    

 

Aortal stenozun müalicəsi. Asimptomatik aortal stenozun müalicəsi əsasən mütamadi dövrü monitorinqdən, yanaşı olan ürək-damar xəstəliklərinin müalicəsindən və fiziki aktivliyin məhdudlaşdırılmasından ibarətdir. Aortal stenozda klapan qapaqlarının proqressiv zədələnməsinin qarşısını almaq üçün hazırda heç bir effektiv tibbi terapiya mövcud deyil. Xəstələrin xəstəliyin simptomları barədə maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, təngənəfəslik, fiziki gərginlik imkanlarının azalması, döş ağrısı, baş gicəllənmə və bayılma baş verdikdə, təcili həkimə müraciət etmələri tələb olunur. Xəstələrdə klapan stenozunun irəliləməsini monitorinq etmək üçün dövrü EXO-KQ müayinəsinin aparılması da tövsiyə edilir.   

 

Qarışıq aortal klapan xəstəliyi. Qarışıq aortal requrqitasiya və stenozu olan xəstələrdə kliniki simptomatika əsasən klapanın daha ağır olan patologiyasından asılı olur. Məsələn, requrqitasiyası daha ağır dərəcəli olan xəstələrdə məhz requrqitasiyaya uyğun klinika müşahidə edilir. Lakin, eyni ağırlıq dərəcəsinə malik klapan patologiyasında klinika da qarışıq olur. Aortal klapanın qarışıq patologiyasının müalicəsi əsasən hər 6-12 aydan bir aparılan həkim müayinəsindən, simptomlar olduqda və ya sol mədəciyin disfunksiyası müəyyən edildikdə EXOKQ-dan ibarətdir. Simptomlar müşahidə edildikdə və/və ya sol mədəciyin funksiyası pisləşdikdə, aortal klapanın cərrahi yolla əvəzlənməsi tələb olunur.

 

Trikuspidal klapan xəstəliyinin müalicəsi. Təcrübə və ədəbiyyatda məlumatın qıtlığına baxmayaraq, qeyd etmək olar ki, ağır dərəcəli trikuspidal stenozu olan xəstələrdə perkutal balon valvotomiyasının aparılması mümkündür. Balon valvotomiyası ilə müalicəsi mümkün olmayan xəstələrdə isə trikuspidal klapanın ağır stenozu cərrahi yolla korreksiya oluna bilər.

Ürəyin revmatik xəstəliyi olanlarda trikuspidal requrqitasiya tez-tez müəyyən edilir və adətən mitrak klapanda aparılan cərrahi müdaxilədən sonra trikuspidal requrqitasiya daha da pisləşə bilər. Həm mitral, həm də trikuspidal klapanın requrqitasiyası olan xəstələrdə mitral klapanın cərrahi korreksiyası zamanı ağır dərəcəli trikuspidal requrqitasiyası olan xəstələrdə trikuspidal klapanın annuloplastikası da yanaşı aparılması tövsiyə olunur.  

 

Hamiləlik. Ürəyin klapan xəstəliyi olan qadınların hamiləlikdən əvvəl həkimlə məsləhətləşməsi və bütün potensial risk və mümkün ağırlaşmaların müzakirə edilməsi tövsiyə edilir. Ürəyin klapan xəstəliyi olan qadınların hamilə olduqda isə mütləq kardioloqun nəzarətində olması tövsiyə edilir.

 

Ümumi profilaktika tədbirləri. Yuxarıda qeyd olunduğu kimi, ürəyin revmatik xəstəliyi olan xəstələrdə revmatik qızdırmanın təkrar baş verməsinin profilaktikası mütləq aparılmalıdır. Həmin xəstələrdə həmçinin illik qripə qarşı vaksinasiyanın edilməsi, dişlərin və ağız boşluğunun ciddi gigiyenasına əməl edilməsi və ildə bir dəfə stomatoloqun müayinəsindən keçməsi xüsusi əhəmiyyət kəsb edir.

Protez ürək klapanı olan xəstələrdə, habelə əvvəl infeksion endokarditi olan xəstələrdə istənilən invaziv prosedurdan əvvəl, o cümlədən, invaziv stomatoloji prosedurlardan əvvəl, infeksion endokarditin profilaktikası antibiotiklərlə aparılmalıdır. Endokarditin profilaktikasına dair daha ətraflı məlumat müvafiq məqalədən əldə oluna bilər.